Andreas Baader və Ulrike Maynhof 70-ci illərdə qaçırılma və qətllər törətmiş şəhər aktivist qrupu – Qırmızı Ordu Fraksiyasının liderləri olmuşlar. Onlar 1977-ci ildə Almaniyanın Ştutqart həbsxanasında çox böyük şübhə doğuran şəraitdə vəfat ediblər.
***
Əvvəlcə biz əl sıxışdıq. Mənimlə üzbəüz oturdu və 3 dəqiqə sonra ilk olaraq salamlamanın əvəzi kimi mənə dediyi: «Düşünürdüm ki, yanıma dost gəlib, sən demə mənə hakim yollayıblar...» oldu.
Görünür, əvvəlki axşam alman televiziyasına verdiyim bəyanata əsasən bu nəticəyə gəlib. Düşünürəm ki, o onların fəaliyyətini əsas götürərək onu və yoldaşlarını müdafiə etmək məqsədi ilə bura gəldiyimi ümid edib. O görürdü ki, mən onlarla razı deyiləm. Mən isə buraya solun nümayəndəsi kimi təhlükədə olan hər sol qrupa rəğbət bəslədiyim üçün gəlmişdim; hesab edirəm ki, bu cür təcrübə daha geniş yayılmalıdır.
Mən gəlmişdim ki, Baader onların apardığı mübarizəyə olan öz nəzər nöqtəsini anlada bilsin. Ki bunu da etdi...
Mən buraya onun haqlı olduğunu təsdiqləmək üçün deyil, əgər biz onların haqlı olduqlarını qəbul etsək, onun hansı qənaətini silah kimi istifadə edə biləcəyimizi, o cümlədən bir məhbus kimi baş verən situasiyanı müzakirə etmək üçün gəlmişdim.
Daha sonra onun həbsxanadakı həyatından danışdıq. Ona niyə aclıq aksiyasında iştirak etdiyini soruşdum. Cavab verdi ki, bunu saxlanılma şəraitinə qarşı etiraz əlaməti olaraq edir.
Bilirsiniz, mən hər yerdə olmamışam, amma bu cür həbsxana kameraları digər alman təcridxanalarında da var. Onlar digər kameralardan ayrılıblar; ağ rəngdə boyadılıblar və elektrik axşam saat 11-ə kimi yanılı olur, hərdən günün 24 saatı.
Ona burada səs çatışmır. Kamera daxilindəki avadanlıqlar səsi alır, onları zəiflədir və kameranın içində onu tamamilə eşidilməz edərək əks etdirir.
Bilirik ki, insan bədəni və şüuru üçün səs son dərəcə vacibdir. Və insanı əhatə edən atmosfer olmalıdır . Səslər, hansını ki, biz sakitlik adlandırırıq, lakin onları eşidirik, məsələn, ötüb keçən tramvayın səsi, küçədə gedənin ayaq səsləri, təcili yardım təbili – hamısı insan davranışı ilə bağlıdır; onlar insan mövcudatını xarakterizə edir.
Bu cür digər insanlarla kommunikasiya çatışmazlığı ciddi fəsadlara gətirib çıxarır – sirkad və şüur pozulmalarına. Sonuncusu təfəkkürü get – gedə çətinləşdirərək məhv edir. Addımbaaddım yaddaş pozğunluğuna təhrik edir, daha sonra sayıqlamaya və aşkar dəliliyə.
Belə ki, «cəlladın» özü yoxdur, lakin digər səviyyələrdə müəyən rıçaqlarla idarə edən insanlar var. Belə işgəncələr məhbusda çatışmazlıqları təhrik edir ki, bu da şüurun sönməsinə və ya ölümə gətirib çıxarır. Baader bu işgəncələrin qurbanı kimi, olduqca adekvat cavablar verir, ancaq fikri itirirmiş kimi, arada dayanırdı. Cümlənin ortasında başını əlləri ilə tutur, 2 dəqiqə keçəndən sonra yenidən davam edirdi.
Aclıq elanı ilə onun bədəni taqətdən düşmüşdü; həbsxana həkimləri onu məcburən yedizdirirdi, lakin o çox arıqlamışdı və 15 kq itirmişdi; geyimi böyük olduğu üçün əynindən tökülürdü. Bu adamla gördüyüm normal səhhətli Baaderin heç bir əlaqəsi yox idi.
Yalnız siyasi məhbuslar üçün – ən azından Baader – Maynhof qrupu üçün – nəzərdə tutulmuş bütün bu prosedurlar insan haqlarına ziddir.
İnsan haqqlarına əsasən, məhbusa adi insan kimi davranılmalıdır. Daha doğrusu, o azadlıqdan məhrum olsa da, hər hansı bir işgəncə və insan şəxsiyyətinin deqradasiyası və ya ölüm məqsədli digər bir şeyin obyekti olmamalıdır. Bu sistem məhz insan şəxsiyyətinə qarşı və onun məhvinə yönəlmişdir.
Baader hələ yaxşı müqavimət göstərir. O zəifləyib və aşkar sağlam deyil, lakin onun şüuru yerindədir. Digərləri isə komada.
Digər beş məhbusun həyatları təhlükədədir – bu bir neçə həftə, ay bəlkə də günün işidir. Təcili olaraq hərəkat yaradıb məhbuslara insan haqlarına uyğun olaraq davranılmasını tələb etmək lazımdır; məhkəmə zamanı onlara verilən suallara düzgün cavab vermələrinə mane olacaq və artıq bir dəfə rast gəlinmiş ölüm hadisəsinə gətirib çıxaracaq pis rəftardan əziyyət çəkməmələri üçün.
Artıq Fransada alman məhbuslarının qorunması komitəsi yaradılıb. Bu komitə İngiltərə və Hollandiya ilə birgə işləyir. Siyasi məhbuslarla adi cinayət dustaq və məhbusları ilə eyni rəftarı tələb edə biləcək intellektuallar, həkimlər və digər müxtəlif insanlardan ibarət belə bir komitənin Almaniyada da yaranması vacibdir.
İlk dəfə Liberation jurnalında dərc edilib.
7 dekabr 1974
Tərcümə: Nigar Ərəbli
[Məqalə original yazıdan solfront.org üçün hazırlanmışdır]