Bu gün konkret dünyanın, insan həyatının istənilən forması, texniki və təbii əhatənin istənilən dəyişməsi imkanlardan ibarətdir və bu imkanlar tarixi xarakterlidir. Bu gün biz dünyanı cəhənnəmə çevirə bilərik və biz artıq bu yoldayıq. Eyni zamanda onu cəhənnəmin əksinə də çevirə bilərik. Bu, utopiyanın sonu, daha doğrusu, müəyyən sosial–tarixi imkanları mühakimə edən utopiya haqqında ideya və nəzəriyyələrinin təkzib olunması olardı. “Utopiyanın sonu”nu həm də “tarixin sonu” kimi də başa düşmək olar, bu mənada ki, insan cəmiyyətinin və onu əhatə edən mühitin yeni imkanları artıq nə köhnənin, nə də hətta özləri ilə eyni tarixi kontinuumda mövcud olanların davamı hesab edilə bilməz. Daha çox onlar tarixi kontinuumla uyğunsuzluq təşkil edir; onlar azad cəmiyyət və əvvəlki kimi azad olmayan cəmiyyətlər arasındakı keyfiyyət fərqini təşkil edir. Marksa görə, bu fərq hazırkı vaxta qədər olan bütün tarixi, bəşəriyyətin yalnız tarixdən əvvəlki dövrünə çevirir.
Amma mən hesab edirəm ki, hətta Marksın sosializm ideyaları kapitalizmin hələ və ya artıq qətiyyətlə inkarı demək deyildi. Yəni utopiyanın sonu anlayışı bu gün sosializmin yeni tərifinin ümumi müzakirəsini tələb edir. Belə bir müzakirənin əsasında sosializmin əsas anlayışlarının istehsal qüvvələrinin köhnəlmiş indiki inkişaf mərhələsinə aidlik məsələsi dayanmalıdır. Köhnəlik, mənim fikrimcə, daha aydın azadlıq və zərurilik hökmranlıqları arasındakı fərqdə özünü göstərir. Azadlığın hökmranlığı ̶ mövcudluğu və dərk olunması zəruriliyin hökmranlığından ayrı, onun sərhədlərindən kənarda mümkündür. Belə bölünmə onu nəzərdə tutur ki, zərurilik hökmranlığı yadlaşmış əmək hökmranlığı mənasında qalır və deməli, Marksa görə, bu halda yalnız əməyin rasional təşkili və onun maksimal ixtisar olunması mümkündür. Amma bu əmək əvvəlki kimi zəruriliyin hökmranlığına aiddir və bu o deməkdir ki, azad deyil. Mən düşünürəm ki, azad və azad olmayan cəmiyyət arasındakı keyfiyyət fərqi ilə əlaqəli yeni imkanlardan biri də azadlıq hökmranlığının zərurilik hökmranlığında ̶ məhz əməyin özündə, ondan kənarda yox ̶ yaranması mümkünlüyüdür. Bu spekulyativ ideyaya provokasion forma əlavə edərək demək istəyirəm ki, biz sosializmə gedən yolun utopiyadan elmə doğru yox, elmdən utopiyaya doğru ola biləcəyini etiraf etməliyik. [1]
Utopiya ̶ tarixi anlayışdır. Bu qeyri-mümkün hesab edilən sosial dəyişiklik layihələrinə aiddir. Nəyə görə qeyri-mümkün? Utopiya haqqında ənənəvi təsəvvürlərə uyğun olaraq, yeni cəmiyyət layihələrinin həyata keçirilməsi o vaxt qeyri-mümkündür ki, bu dəyişikliklərə ictimai mühitin subyektiv və obyektiv amilləri mane olurlar ̶ yəni sosial vəziyyətin qeyri-yetkinlik halı. Böyük Fransa İnqilabı dövründə kommunist layihələr, və ola bilər ki, daha çox inkişaf etmiş kapitalist dövlətlərdəki sosializm subyektiv və obyektiv amillərin həqiqi və xəyali yoxluğuna nümunələrdir, bunlar göründüyü kimi, onların həyata keçməsini qeyri-mümkün edir.
Sosial dəyişiklik layihəsinin həyata keçirilməsi həm də ona görə qeyri-mümkün hesab oluna bilər ki, o, müəyyən elmi qəbul olunmuş qanunlara, bioloji qanunlara, fiziki qanunlara ziddir; məsələn, daimi cavanlıq ideyası və ya xəyali qızıl əsrə qayıtmaq ideyası kimi layihələr. Düşünürəm ki, indi biz utopiya haqda yalnız sonuncu mənada danışa bilərik, daha dəqiq desək, o mənada ki, sosial dəyişiklik layihəsi mövcud təbiət qanunlarına ziddir. Yalnız belə layihə sözün əsl mənasında utopik xarakterlidir, yəni tarixə münasibətdə kənardadır, amma hətta bu "qeyri-tarixilik" tarixi hüdudlara malikdir.
Subyektiv və obyektiv amillərin yoxluğuna görə qeyri-mümkün olan digər qrup layihələr ən yaxşı halda "müvəqqəti" qeyri-mümkün adlandırıla bilərlər. Belə layihələrin Karl Manheym [2] tərəfindən müəyyən edilən qeyri-mümkünlük meyarları bir neçə sadə səbəbə görə qaneedici deyil, birincisi, onların qeyri-mümkünlüyü yalnız vaxt keçdikdən sonra məlum olur. Və təəccüblü deyil ki, sosial dəyişiklik layihələri ona görə həyata keçməmiş adlandırılır ki, onlar tarixdə yerinə yetirilməyib. İkincisi, meyarlar ona görə qaneedici deyil ki, belə bir vəziyyət tamamilə mümkündür ki, inqilabi layihənin həyata keçirilməsinə məhz inqilabın gedişi zamanı aradan qaldırılan əks qüvvələr və tendensiyalar mane olurlar. Ona görə də, müəyyən subyektiv və obyektiv amillərin yoxluğunu böyük dəyişikliklərin həyata keçirilməsinin mümkünlüyünə qarşı sübut qəbul etmək şübhəlidir. Xüsusilə, burada bizi bu məsələ maraqlandırır ki, texniki baxımdan daha çox inkişaf etmiş kapitalist dövlətlərdə inqilabi sinfi ayırmağın mümkün olmaması faktı marksizmin utopikliyi demək deyil. Marksa görə, inqilabın sosial agentləri yalnız dəyişikliklərin gedişində formalaşırlar və ona ümid etmək olmaz ki, inqilabi hərəkatın əvvəlində inqilabi qüvvələr mövcuddur, hətta belə demək mümkünsə, tamamilə hazırdır. Amma mənim fikrimcə, yalnız bir etibarlı meyar mövcuddur ̶ dəyişikliklər üçün material və intellektual qüvvələrin olması, amma onların rasional istifadəsinə istehsal qüvvələrinin mövcud təşkili mane olur. Və bu mənada, fikirləşirəm ki, bu gün, doğrudan da, utopiyanın sonu haqqında danışa bilərik.
Azad cəmiyyətin yaradılması üçün lazım ola biləcək bütün maddi və intellektual qüvvələr mövcuddur, amma onların bu məqsədə çatmaq üçün istifadə olunmaması cəmiyyətin öz azad olma potensialına qarşı total mobilizasiyası ilə izah olunur. Amma bu vəziyyət heç bir halda köklü dəyişikliklər ideyasının özünü utopik etmir.
Bu mənada yoxsulluq və səfalətin likvidasiyası yadlaşmış əməyin və mənim adlandırdığım "əlavə susdurulma"-nın aradan qaldırılması ilə mümkündür. Hətta burjua iqtisad elmində çox çətinliklə ciddi alim və ya tədqiqatçı tapılar ki, aclıq və ehtiyacları artıq mövcud olan istehsal qüvvələri şəraitdə aradan qaldırılmasının mümkünlüyünü və bu gün baş verənləri repressiv cəmiyyətin qlobal siyasəti ilə izah olunmasını inkar etsin. Baxmayaraq ki, biz bununla razıyıq, hələ də aclıq, səfalət və əməyin likvidasiyasının texniki imkanlarının tam olaraq mənası aydın deyil.[3] Nəzərdə tutulur ki, bu tarixi imkanlar əvvəlki tarixin davamı yox, ondan ayrılma, onun inkarı, inkişafı yox, ziddiyyəti formalarında başa düşülməlidir. Bunlar maddi əsasların, tələbatların tam dəyişilməsi deməkdir.
Yeni ideya ̶̶ yalnız nəzəriyyə kimi yox, həm də mövcud olma üsulu kimi ̶ təhlükə qarşısındadır: həyat tələbatlarının azadlıqda və azadlığın ̶ hansı ki, artıq yadlaşmış əməyin çatışmazlığına və vacibliyinə əsaslanmır və onunla hüdudlanmır ̶ həyat tələbatlarının yaranması və inkişafı ideyası. İnsanların keyfiyyətcə yeni tələbatlarının inkişafı bioloji zərurət kimi özünü göstərir: onlar sözün tam bioloji mənasında tələbatlardırlar. Belə ki, inkişaf etmiş kapitalist dövlətlərin manipulyasiya olunmuş əhalisinin çox hissəsi üçün azadlığa tələbat həyati vacib, zəruri tələbat deyil və ya artıq belə qəbul olunmur. Bu həyati vacib tələbatlarla yanaşı, yeni nəzəriyyə həm də indiyə qədər də qərb sivilizasiya tarixinin müəyyən olunduğu nəsildən-nəsilə ötürülən yahudi-xristian dəyərlərin inkar olunması ilə yeni dəyərlərin yaranmasını tələb edir. Repressiv cəmiyyətdə inkişaf edən və təmin olunan tələbatların məhz yeni nəsillərə ötürülməsi belə cəmiyyəti yenidən və yenidən fərdlərin özündə təkrarlayır. Fərdlər repressiv cəmiyyəti öz tələbatlarında əks etdirirlər, hansılar ki, hətta inqilabın gedişində də saxlanılır və məhz bu ötürülmə hələ də sərbəst cəmiyyətin kəmiyyətdən keyfiyyətə keçidinə mane olur. Yeni ideya göstərir ki, insan tələbatları tarixi xarakterlidir. Bütün tələbatlar, seksuallıq da daxil olmaqla, heyvanlar aləmindən kənardadır. Onlar tarixlə müəyyən olunur və onun inkişafı dövründə dəyişilir. Tələbatların ötürülməsinin dayanmasının, fərdin özündə artıq mövcud olanları yox etməsinin, keyfiyyət fərqinə keçidin nəticəsi sadə deyil, bu məhz istehsal qüvvələrinin inkişafının ayrılmaz xüsusiyyətini təşkil edir. Bu inkişaf elə bir səviyyəyə çatıb ki, öz potensial imkanlarını göstərə bilməsi üçün, doğrudan da, yeni həyat tələbatlarına ehtiyacı var.
Kəmiyyətdən keyfiyyətə keçidi təmin edə biləcək istehsal qüvvələrinin hansı tendensiyaları var? Hər şeydən əvvəl, texnizasiya qoyulan əsasları dağıdır. Daimi olaraq istehsal prosesində (maddi istehsal prosesi) fiziki əməyin ixtisara salınması və onun zehni əməklə əvəz olunması ictimai zəruri əməyin mütəxəssislər, alimlər, mühəndislər və s. tərəfində mərkəzləşməsinə səbəb olur. Bu yadlaşmış əməkdən xilas olmaq imkanı deməkdir. Təbii ki, söhbət yalnız tendensiyalardan gedir, o tendensiyalar ki, kapitalist cəmiyyətin inkişafına və davam edən mövcudluğuna əsaslanır. Əgər kapitalizm istehsal qüvvələrinin bu yeni imkanlarının istifadəsini və təşklini bacarmasa, əməyin effektivliyi tələb olunan səviyyədən aşağı düşəcək. Və əgər kapitalizm bunu nəzərə alıb, yenə də avtomatizasiyanı davam etdirsə, o, özünün daxili sərhədləri ilə toqquşacaq: cəmiyyətdə mübadiləni saxlamaq üçün əlavə dəyər mənbələri tükənəcək.
Marks "1857-1859-cu illərin iqtisadi əlyazmaları"-da göstərib ki, ictimai zəruri əməyin tam avtomatizasiyası kapitalizmlə eyni mühitdə mümkün deyil. Avtomatizasiya ̶ bu yalnız tendensiyanın adıdır, nəticəsində isə zəruri fiziki əməyin, yadlaşmış əməyin maddi istehsal prosesindən qeyri-presedent ayrılması həyata keçir. Belə tendensiya kapitalist istehsal zəncirlərindən azad olarsa, istehsal qüvvələri ilə yaradıcı eksperimentlər etməyə imkan verər. Əgər yoxsulluq da aradan qaldırılsa idi, bu tendensiya ictimai əməyin insan və təbiətin potensial imkanları ilə oyuna [4] çevrilməsi demək olardı.Yaradıcı fantaziya material istehsal qüvvələrinin uyğun inkişaf səviyyəsinə əsaslanaraq sərbəst insan mövcudluğunun imkanlarını təsvir edən konkret strukturlaşmış istehsal qüvvəsinə çevrilərdi. Amma belə texniki imkanların əzmə, repressiya imkanına çevrilməməsi üçün, öz azadedici funksiyasını yerinə yetirə bilməsi üçün onlar azad etməyə yönələn və təmin edə biləcək tələbatlara əsaslanmalıdırlar.
Yadlaşmış əməyin aradan qaldırılmasına həyati tələbat olmadıqda, əksinə, əməyin saxlanılmasına və genişləndirilməsinə tələbat var olduqda, hətta o vaxt ki, o öz ictimai zəruriliyini itirir; təmiz vicdanla xoşbəxtliyə tələbat olmadıqda, amma mümkün ola biləcək hər şeydən qazanc yaratmağa inanılmaz aciz tələbat olduqda; göstərilən həyati tələbatlar olmadıqda və ya onlar repressiv tələbatlarla boğulduqda, yalnız gözləmək qalır ki, yeni texniki imkanlar bunları dayandıra biləcək gücə malik olan yeni imkanlara çevriləcək.
Artıq bilirik ki, kibernetika və kompyuterlar insan həyatı üzərində hərtərəfli idarəetmə təmin edə bilər. Mövcud tələbatları qətiyyətlə inkar edən yeni tələbatlar doğrudan da, əvvəlcə məhz mövcud hökmran sistemə əsaslanan tələbatların və bunların əsaslandığı dəyərlərin inkarı kimi özünü göstərir: məsələn, mövcud olma uğrunda mübarizə tələbatının inkarı (bu ümumi fikrə görə zəruridir. Amma mövcud olma uğrunda mübarizənin aradan qaldırılmasının mümkünlüyünü deyən ideya və fantaziyalar bununla insan mövcudluğunun təbii və ictimai şərtlərinə də etiraz edirlər); yaşamaq üçün işləmək tələbatının inkarı; əməyin effektivlik prinsipinin, rəqabətin inkarı; dağıdıcı, məhvedici istehsal tələbatının inkarı; və instinktlərin ikiüzlü yatırılmasına olan həyati tələbatın inkarı. Belə tələbatları bioloji tələbatlar inkar edərdi, hansılar ki, bu gün çoxluğa aid tələbatlar, sakitliyə tələbat, özü ilə tək və ya öz seçdiyi insanlarla birlikdə olmaq tələbatı, gözəlliyə, "layiq olmayan" xoşbəxtliyə tələbat deyil ̶ və bütün bunlar yalnız fərdi tələbatlar şəklində yox, həm də ictimai istehsal qüvvələri şəklində, istehsal qüvvələri ilə idarə olunmaqla və onların təsiri altında aktivləşən sosial tələbatlar şəklindədirlər.
Əgər bu yeni həyat tələbatları cəmiyyətin istehsal qüvvəsi olsa idi, onda bunlar dünyanın tam texniki cəhətdən yenidən təşkilini mümkün edərdilər, və mən düşünürəm ki, yeni ictimai münasibətlər, insanlar arasında yeni əlaqələr yalnız bu yenidən qurulmuş dünyada mümkündür. Texniki cəhətdən yenidən təşkil etmə danışdıqda mən daha çox inkişaf etmiş kapitalist dövlətləri nəzərdə tuturam, harada ki, belə struktur yenidənqurulması kapitalist sənayeləşmə və kommersiyalaşmanın dəhşətlərindən azad olunma, şəhərlərin tam yenidən qurulması və təbiətin bərpası deməkdir. Kapitalist sənayeləşmə dəhşətlərindən xilas olma dedikdə, ümid edirəm, aydındır ki, mən texnologiyadan romantik imtina tərəfdarı deyiləm. Əksinə, düşünürəm ki, texnologiya və sənayeləşmənin faydasını göstərə biləcək potensial kapitalist sənayeləşmə və kapitalist texnologiyaya son qoyulmayana qədər real və nəzərə çarpan olmayacaq.
Mənim burada qeyd etdiyim azadlıq xüsusiyyətlərinə ̶ bunlara sosializmə aid müasir fikirlərdə hələ də lazımlı səviyyədə diqqət verilməyib. Hətta sol fikirlərdə sosializm anlayışına daha çox istehsal qüvvələrinin inkişafı, əməyin effektivliyinin artırılması istiqamətində baxılıb. Bu gün biz ̶ heç bir sərhəd olmadan, hətta gülməli də görünə bilər ̶ azad cəmiyyət kimi sosialist cəmiyyətlə mövcud cəmiyyət arasındakı keyfiyyət fərqini müzakirə və təyin etməyə çalışmalıyıq [5]. Və məhz burda, əgər sosialist cəmiyyətin keyfiyyət fərqini ifadə edə biləcək anlayışı tapırıqsa, istənilən halda, ağlıma mövcudluğun estetik-erotik tərəfi gəlir. Burda "estetik" anlayışı öz ilkin mənasındadır, yəni həssaslıq forması kimi, konkret yaşam forması kimi. "Estetikliyin" belə izahında texnologiya və incəsənətin, iş və oyunun yaxınlaşması nəzərdə tutulur. Təsadufi deyil ki, Furyenin işləri avanqardist sol intelligensiya arasında yenidən aktual olmağa başlayır. Marks və Engelsə görə, yalnız Furye sərbəst və qeyri-sərbəst cəmiyyət arasındakı keyfiyyət fərqini dəqiq təyin edə bilib. Və o, Marksdan fərqli olaraq, işin oyuna çevrildiyi, ictimai zəruri əməyin insanların həqiqi tələbatları ilə harmoniyada təşkil oluna biləcəyi cəmiyyətin mövcud ola bilməsinin mümkünlüyü sözündə qalıb.
Sonda daha bir fikrimi bildirirəm. Mən artıq qeyd etmişəm ki, əgər hələ də Marksın qarşısında borclu olan tənqidi nəzəriyyə yalnız mövcud olanların hazırkı vəziyyətini yaxşılaşdırmaqla məhdudlaşmaq istəmirsə, o, özündə azadlığın burada ən kobud formada göstərilən bütün mümkün imkanlarını, keyfiyyət fərqinin skandal faktını əks etdirməlidir. Marksizm azadlığa elə bir izah verməyə cəsarət göstərməlidir ki, insanlar başa düşsün və elə qəbul etsin ki, belə azadlıq artıq heç bir yerdə mövcud deyil. Və məhz buna görə də, utopik adlandırılan imkanlar heç də utopik deyillər, amma mövcud olanların qətiyyətlə sosial-tarixi inkarını əks etdirirlər, hansı ki, bizdən tamamilə real və praqmatik əks fəaliyyət tələb edir ki, həm biz özümüz, həm də başqaları bu imkanların və onların həyata keçməsinə mane olan qüvvələrin mövcudluğunu başa düşsünlər. Belə müqavimət bütün illyuziyalardan, həmçinin məğlubiyyətçilikdən azad olmağı tələb edir, çünki məğlubiyyətçilik hər şeyi olduğu kimi saxlamaq üçün azadlığın mümkünlüyünə mane olur.
Qeydlər1. Frankfurt məktəbi üçün tipik ironiyaya münasibət ̶ "provokasionluq" burda yalnız Engelsin "Sosializmin utopiyadan elmə doğru inkişafı" məqalələr toplusuna yönəlib. Amma əgər "utopiya" terminini Markuzenin təklif etdiyi kimi ̶ gələcək ictimai quruluşun pozitiv layihəsi kimi ̶ istifadə etsək, onda ideya tamamilə "qanuni" elmi forma əldə edir.
2. Xatırladım ki, Manheym üçün hətta "fəaliyyət göstərən utopiya" (hansı ki, sosial dəyişiklərin əlaməti kimi özünü göstərə bilir) belə istismar olunan sosial təbəqəyə aid yalançı düşüncə variantından başqa bir şey deyil, necə ki, idarə edən təbəqə ideologiya daşıyıcıları olurlar(hansı ki, Manheym Marksı sadə başa düşərək yalançı düşüncə ilə eyniləşdirib). Yəni utopiya onun üçün neqativ ideologiyadır, və istismar olunan təbəqə hakimiyyətə gəldiyi zaman hər şeyi qaydada saxlamaq üçün utopiya adi ideologiyaya çevrilir. Belə yanaşmada kommunist (sosialist) utopiya ümumiyyətlə qeyri-mümkündür, belə ki, "fəaliyyət göstərən utopiyanın" daşıyıcıları konkret sosial təbəqədir, amma kommunist cəmiyyətində, tərifinə görə, ictimai sinif və təbəqələr yoxdur. Belə halda, bizi Manheymə yönəldərək Markuze göstərmək istəyir ki, sosialist inqilabı üçün inqilabi sinfin axtarılması marksizm yox, sadələşdirilmiş marksizm(Manheymə görə) nöqteyi nəzərindəndir.
3. Burda və qalan yerlərdə "iş" yadlaşmış əmək, ölü əmək, zorla qəbul olunmuş əmək fəaliyyəti mənalarındadır.
4. Burda və qalan yerlərdə "oyun" "yaradıcılıq" anlayışının sinonimi kimi işlənir.
5. Markuze "mövcud cəmiyyət dedikdə", təbii ki, öz dövründəki "real sosializm" ölkələrini də nəzərdə tutur, hansılarının ki, sosialist strukturunu haqlı olaraq inkar edirdi.
Tərcümə: Nigar Əhmədova (c) SOLFRONT