Kapitalizmin islami üzü


Kapitalizmin müvəffəqiyyəti qısa müddətdə dünyaya yayılması və qarşısı alınmaz bir güc halına gəlməsi ilə ölçülə bilər. Lakin islam cəmiyyətlərində bu müvəffəqiyyət fərqli bir əhəmiyyət kəsb edir. Əvvəllər islami təlimlərə görə, qəbul edilən istehlak, israf, faiz kimi bir çox anlayış kapitalizm rəhbərliyində yenidən oxunur və yeni təriflər qazanır. Bu müddətdə istehlak qəlibləri islami təlimdən gedərək uzaqlaşır, dünyəviləşir.

Murat Erdin 2008-ci ildə nəşr olunan “Bir  müsəlman mersedesə minərmi?” kitabında əslində bu mövzuya toxunmuşdu, lakin bu əhəmiyyətli sual yazıçının Türkiyədəki zəngin mühafizəkar təbəqə üzərində apardığı bir neçə müşahidədən kənara getməyərək cavabsız qaldı. Kitabın adı etibarı ilə soruşulan sual ümumiyyətlə bütün islam cəmiyyətlərinə yönləndirilə bilər. İslamın qatı olaraq yaşandığı ərəb dünyasında bu sual tam fərqli bir məna qazanır. Cavab isə İslam və istehlak arasındakı əlaqənin dinamikasını tapmaq baxımından ortaq xüsusiyyətlər daşıyır.

Dünyanın ən zəngin ölkələrindən biri olan Qətər kapitalist sistemin İslam üzərindəki təsirinin ən dəqiq göründüyü yerlərdən biridir. Əsasən Hindistan, Filippin kimi ölkələrdən gələn işçilər ölkədə cüzi məvacib qarşılığında işlədiyi halda, Qətər xalqı əsasən təbii qazdan gələn gəliri öz aralarında bölüşür. Yerli xalq arasında varlı və kasıb deyə iki ayrı qütb yoxdur. Bu fərq qətərlilər və qətərli olmayanlar arasında aşkar bir şəkildə hiss olunur. Ölkədəki iqtisadi siniflərin ən bariz fərqi yerli xalqın geyindiyi və çıxış nöqtəsi etibarı ilə İslami olan paltarlar üzərində görülə bilər. Qətərli kişilər “tub” adlanan ağ paltar geyir. Bu onların ictimai kimliyini, buna bağlı olaraq və bundan daha əsası iqtisadi siniflərini ifadə edir. Böyükdən kiçiyə bütün qətərli kişilər tərəfindən geyilən və maddi olaraq böyük bir dəyəri olmadığı hiss olunan bu paltarlar, bəzi detallarla birləşəndə islami bir mənsubiyyətdən əvvəl digər siniflərdən ayrılmanı təmsil edir. Necə ki, son dərəcə dəbdəbəli avtomobillərin içində ağ paltarlı qətər kişilərini görmək bir müddətdən sonra insana o paltarların dini və mədəni mənalardan çox, zənginliyin və üst sinfə mənsub olmanın gizli bir ifadəsini xatırladır.

 Oxşar bir vəziyyət qətərli qadınlar üzərindən də oxuna bilər. Onlar da “abaye” adlanan, çadraya bənzəyən qara rəngli geyim geyirlər. Lakin bu geyim bir çox xüsusiyyəti ilə çadradan fərqlənir. Səudiyyə Ərəbistanından və ya İrandakına bənzər qatı şəriət rejiminin tətbiq edilmədiyi Qətərdə bütün qətərli qadınların abaye geyməsi hüquqi bir məcburiyyətdən yox, ictimai təzyiqlərdən qaynaqlanır. Abayedə maddi vurğu kişilərin geydiyi yerli paltarlardan daha çox hiss olunur. Belə ki, ilk baxışda gözə çox islami görünən bu geyim buna zidd bəzi detallar diqqətə alınan zaman bir məna qarışıqlığı yaradır. İstifadə edilən ətriyyatdan abayenin altında hündür dabanlı müxtəlif rəngli ayaqqabılara, Gucci, Louis Vuitton kimi dəbdəbəli marka çantalara qədər hər bir detal qatarlı qadınlar üçün fərqlənmə simvoludur. Çadranın bunu geyən qadınlar üçün gözə batmama, mümkün qədər gizləmə kimi bilinən məqsədlərindən tamamı ilə fərqli olaraq, abaye mümkün qədər göz önünə çıxarmaq kimi xüsusiyyəti ilə fərqlənir. Belə vəziyyətdə, geyimin ehtiva etdiyi standart islami qayğı arxa planda qalır, iqtisadi qayğı və zənginlik vurğusu ilk planda olur. Həmçinin qara rəngli abayenin on il əvvələ görə çox böyük dəyişiklilərdən keçməsi, növlərinin çoxalması, istifadə olunan parça və bahalı daş-qaş ilə vizual mənada zənginləşməsi və bütün bunlara paralel olaraq bahalaşması nəzəri cəlb edən başqa bir nüansdır. Dini fikirlərdən gedərək uzaqlaşan bu geyim zamanla qətərli qadınların tərzini və modayla əlaqəli fikirlərini də daşıyacaq hala gəldi.

Qətərdə dəbdəbəli həyat

 Kapitalizmin təsiri Qətərdə təkcə geyimlərdə hiss olunmur. Qadın və kişilərin geyimləri nəzəri olaraq dini olmasına baxmayaraq, təcrübədə bundan nə qədər fərqlənirsə, bənzər şəkildə gündəlik həyata dair bəzi nümunələr də eyni təzadları ehtiva edir. Qətərli orta sinif bir ailənin (iqtisadi vəziyyət nəzərə alındığında bu anlayış Türkiyə şərtlərində super varlı bir ailəni ifadə edir) həyat tərzi heyrətləndiricidir. İslam dininin nəsihət etdiyi təvazökar və dəbdəbədən uzaq bir yaşam tərzindən fərqli olaraq, Qətərdə yerli xalqın həyat standartı çox yüksəkdir. Qətərli hər ailənin saraya bənzəyən evlərində, pul qazanmaq üçün başqa ölkələrdən gəlmiş olan xidmətçilər, çox da yüksək olmayan məvaciblər müqabilində işləyir. Həmçinin bu xidmətçilər qətərli qadınların ev xaricində də xidmətində olur. Məktəbə lüks avtomobilləri ilə sürücüləri tərəfindən aparılan qızların bəzilərinin dəftər və kitabları siniflərə qədər daşınır, dərs bitəndən sonra da eyni şəkildə evə aparılır. Axşamlar lüks ticarət mərkəzlərində qətərli qadınların bir neçe metr arxasından gedən və uşaqlarla maraqlanan xidmətçiləri görmək son dərəcə normal bir vəziyyətdir. Həyat standartlarının davamını təmin edən evlilik mexanizmi də sevgidən daha çox iqtisadi təmələ dayanır. Qətərli bir qadın ilə evlənməyin xərci çoxdur və bunu sadəcə bir qətərli kişi qarşılaya bilər. Beləliklə, atasının evində son dərəcə yaxşi şəraitdə yaşayan qətərli qız həyat yoldaşı vasitəsi ilə eyni həyatı davam etdirə bilir.

 Qətəri əsas götürərək edilən bütün bu müşahidələr ümumiyyətlə zənginləşən İslam dünyasında bir kökündən dəyişməni göstərir, həyat tərzləri, istehlak qəlibləri və islami qavrayış xəttində yaşanan dünyəviləşməni əks etdirir. Ərəb cəmiyyətlərində görüldüyü kimi, İslam iqtisadi zənginliyin artması ilə müəyyən sahələrin xaricində tutulmağa başlanır. Murat Erdinin sualı Qətərdə son model avtomobillərə minmək, Louis Vuitton çanta istifadə etmək nə qədər İslama uyğundur kimi bir suala çevrildiyində verilən cavab kapitalizmin uğurunu göstərməkdədir. Həm istədiklərini alacaq, həm də zəkatlarını verəcək qədər gəlirə sahib olduqlarını söyləyən qətərli qızlar üçün dəbdəbəli istehlak İslamla ziddlik təşkil etmir. Kapitalist anlayışın dini anlayışı necə dəyişdiyini açıq aşkar göstərən bu fikir bir müsəlman mersedesə minərmi sualının cavabı ola bilər.

 Tərcümə: Elşad Müzəffərov                     (c) solfront.org

[Yazı original məqalədən solfront.org üçün hazırlanmışdır]